Jump to content

Wn/az/Türkiyə və ASO Suriyanın Təl Rəfat nahiyəsində hərbi əməliyyat həyata keçirib

From Wikimedia Incubator
< Wn | az
Wn > az > Türkiyə və ASO Suriyanın Təl Rəfat nahiyəsində hərbi əməliyyat həyata keçirib

4 may 2019, Şənbə

4 may 2019-cu il tarixində Azad Suriya Ordusu (ASO) Təl Rəfat nahiyəsi ərazisinə daxil olan Maranəz kəndindəki Suriya Demokratik Qüvvələri (SDQ və ya SDF) hərbi birləşmələrinə qarşı hərbi əməliyyata start vermişdir. Türkiyə Silahlı Qüvvələri (TSQ) də bölgədəki terrorçuları haubitsa atəşinə tutmuşdur. Hərbi əməliyyata start verilməzdən çox keçməmiş Azad Suriya Ordusu Miranəz, əl-Malikiyyə və Şavarqa kəndlərinin nəzarətini SDQ qoşunlarının əlindən almışdır.

Azad Suriya Ordusunun müşaviri Yusif Həmud verdiyi açıqlamada belə demişdir: “28 kəndi təmizləmək üzrə hazırlandıq. Birinci və İkinci ordu TSQ ilə birlikdə yerləşdirildi. Böyük miqyaslı əməliyyatın qərb qolu saat 17:00 etibarilə başladı”.

4 may 2019-cu ildə Türkiyənin cənub-şərqində yerləşən Hakkari ilində PKK silahlı qruplamasının hücumu nəticəsində üç TSQ əsgəri öldürülmüş, bir TSQ əsgəri yaralanmışdır. Həmin gün, Türkiyə Respublikası Müdafiə Nazirliyi 23 SDQ döyüşçüsünün zərərsizləşdirildiyini bəyan etmişdir. Türkiyə Respublikası Müdafiə Naziri Hulusi Akar verdiyi açıqlamada demişdir: “hücumlar həyata keçirən 23 YPG/PKK terrorçusu bölgədəki reaksiyamız və həm Türkiyədə, həm də xaricdəki əməliyyatlarımızın böyük qətiyyətlə davam etməsi nəticəsində zərərsizləşdirilmişdir.” Hulusi Akar açıqlamasına davam edərək “Ümumi olaraq, Hakkari və Təl Rəfat vilayətlərində davam edən əməliyyatlar nəticəsində 28 YPG/PKK terrorçusu zərərsizləşdirilmişdir” demişdir.

Azəz şəhərində SDQ qüvvələri ilə təhlükəsizlik qüvvələri arasında səhər saatlarında çıxan atışmada Türkiyə Silahlı Qüvvələrindən 1 kapitan həlak olmuş, 1 mayor isə ağır yaralanmışdır.

Türkiyə Respublikası Müdafiə Nazirliyi hücumla əlaqədar etdiyi açıqlamada “PKK/YPG terrorçularının Təl Rəfat bölgəsindən açdıqları atəşlər nəticəsində bir qəhrəman silah dostumuz şəhid olmuş, bir qəhrəman silah dostumuz isə yaralanmışdır. Hadisədən sonra bölgədəki atəş dəstək vasitələrimiz ilə dərhal atəş altına alınmışdır” demişdir.

Təl Rəfat nahiyəsi Türkiyə Silahlı Qüvvələri tərəfindən həyata keçirilən Fərat QalxanıZeytun budağı əməliyyatları SDQ qoşunlarından təmizlədiyi ərazilərin arasında qalmışdır.

Suriyanın şimalında, Türkiyə sərhədinə 18 kilometr uzaqlıqda, 442 kilometr kvadratlıq Təl Rəfat nahiyəsi 3 ildən çoxdur ki, SDQ nəzarəti altındadır.

Suriya Demokratik Qüvvələrinin PKK terror təşkilatının Suriyadakı qolu YPG ilə yaxından əlaqələri var. Buna görə də Türkiyə hökuməti PKK, YPG və SDF-i eyni qruplaşmalar olduğunu irəli sürür. PKK-nın Türkiyəyə qarşı istiqamətləndirdiyi otuz illik terror fəaliyyəti qruplaşmanın Türkiyə, ABŞ, eləcə də Avropa İttifaqı tərəfindən rəsmən terror təşkilatı olaraq tanınmasına gətirib çıxarmışdır. PKK 40,000-dən çox insanın ölümünə səbəb olmuşdur.

İraq Şam İslam Dövlətinin (İŞİD) qüvvələrini Suriyanın şimal-şərqindən qovan SDQ demək olar ki, Fərat çayının sağ sahilindəki bütün Suriya torpaqlarına nəzarət edir.

Mənbə

[edit | edit source]