Jump to content

Wn/az/Dünya Azərbaycanlıları Konqresi Urmiyə gölü və İrandakı son durumu müzakirə edib

From Wikimedia Incubator
< Wn | az
Wn > az > Dünya Azərbaycanlıları Konqresi Urmiyə gölü və İrandakı son durumu müzakirə edib


22 sentyabr 2011, Cümə axşamı

Dünya Azərbaycanlıları Konqresi (DAK) “Urmiyə gölünün quruması fonunda Güney Azərbaycan türklərinin durumu” mövzusunda dəyirmi masa keçirib. Tədbirdə çoxsaylı siyasi partiya rəhbərləri, deputatlar, ictimai-siyasi xadimlər, ziyalılar, ekspertlər, vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edib

Forumda fəlakətin ekoloji cəhəti ilə bağlı beynəlxalq ekoloji qurumlara müraciət ünvanlanması, məsələnin BMT səviyyəsində müzakirə olunması üçün cəhdlər göstərilməsi nəzərə çatdırılıb. Tədbir iştirakçıları Güney Azərbaycan türklərinin gölün qurumasına etiraz olaraq keçirdikləri aksiyaya Azərbaycanın ictimai-siyasi qurumlarının dəstək verməsi və həmrəylik nümayiş etdirməsini vacib sayıb.

DAK sədri Sabir Rüstəmxanlı bildirib ki, İranda artıq duz inqilabı başlayıb. “5960 kv. km sahəyə malik olan göl 1971-ci ildən YUNESKO tərəfindən qorunan maddi sərvətlər siyahısına daxil edilib, 1975-ci ildən isə hövzəyə Milli Park statusu verilib. İndi qurumaqda olan gölün müdafiəsi mühümdür. Bu, həm də millətin tarixinə və gələcəyinə bağlı məsələdir”.

Natiqlər hesab edir ki, gölün quruması təbii amillərlə bağlı deyil. “1999-cu ildən gölün quruması intensiv xarakter alıb. Göl üzərindən uyğunsuz torpaq körpü çəkilib. Bu, körpü hövzəni iki yerə bölüb. Beləliklə, göl yarıtmaz idarəçilik nəticəsində quruyur”, - deyə DAK Daimi Şurasının sədri Əjdər Tağızadə Amerikanın Səsi radiosuna müsahibəsində bildirib.

Onun sözlərinə görə, artıq su hövzəsinin 20%-i quruyub. “Yaxın illərdə təcili tədbirlər görülməzsə göl tam quruyacaq və regionda ekoloji fəlakətə səbəb olacaq. Urmu ətrafında 14 milyon azərbaycanlı yaşayır və onlar doğma yurdlarını tərk etmək məcburiyyətində qalacaq. Fars mənbələrinin təsdiq etdiyinə görə, Urmu gölü ətrafında Azərbaycan türkləri azı 7 min ildir yaşayır”.

Cənab Tağızadə İran hökumətinin ekoloji fəlakətin qarşısının alınması üçün 900 milyon dollar vəsait ayırması ilə bağlı bəyanatının real olmadığını bildirib. “Əgər hökumət vəsait ayırıbsa, gölün qurumasının qarşısını necə alacağı ilə bağlı 900 milyon dəyəri olan layihəni də nümayiş etdirməlidir. Belə bir layihə ortada yoxdur”.

Onun dediyinə görə, gölün qurumasına etiraz olaraq Güney Azərbaycan şəhərlərində kütləvi aksiyalar keçirilir. “Rəsmi Tehran isə gölün qurumasının qarşısını almaq əvəzinə aksiya iştirakçılarını və milli fəalları həbs edir, işgəncələrə məruz qoyur. Gülməli olsa da molla rejimi yəqin gölün qurumasının qarşısını bununla almaq istəyir. Rejimin belə hərəkətləri isə demokratik dünyada əmmaməlik kimi qəbul olunur”, - deyə o qeyd edib.

Həmçinin bax

[edit | edit source]

Mənbə

[edit | edit source]