Jump to content

Wn/az/Bakıda Xəzərin hüquqi statusu müzakirə edilir

From Wikimedia Incubator
< Wn | az
Wn > az > Bakıda Xəzərin hüquqi statusu müzakirə edilir


27 aprel 2011, Çərşənbə

Çərşənbə axşamı Bakıda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupunun 28-ci iclası açılıb. İkigünlük iclasda beş Xəzəryanı dövlətin nümayəndə heyətləri iştirak edir.

Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov iclası açaraq bildirib ki, tədbir iştirakçıları Konvensiyanın qalan müddəalarını ətraflı müzakirə etməlidir. Bundan əlavə, iclasda 2010-cu ilin noyabrında Xəzəryanı dövlətlərin başçılarının üçüncü sammitində qəbul olunmuş “protokol qərarları” müzakirə olunacaq. Bunlar əsasən dəniz rejimlərinin eninin razılaşdırılması və nərə ovuna moratoriumun tətbiqi ilə bağlıdır.

Qazaxıstanın xarici işlər nazirinin müavini Kairat Sarıbəy bildirib ki, danışıqlar zamanı əsas diqqətin Xəzər akvatoriyasının bölünməsinə dair məsələlərin müzakirəsinə və dəniz məkanları rejimlərinin razılaşdırılmasına yönəldilməlidir. Nərə ovuna moratoriumun tətbiqinə gəlincə, fevralın 14-15-də Astanada sahilyanı dövlətlərin xüsusi müşavirəsi keçirilib. Diplomat ümidvar olduğunu bildirib ki, bu məsələyə dair müzakirələrin nəticəsi “nərə balıqlarının sənaye məqsədilə ovlanmasına” dair razılaşmanın hüquqi sənədləşdirilməsi olacaq.

Öz növbəsində Rusiya müvafiq saziş layihəsinin hazırlanması ilə bağlı təşkilati məsələləri yoluna qoymağı və Moskvada Xəzəryanı dövlətlərin növbəti sammitində təqdim etməyi öz üzərinə götürmək təşəbbüsü ilə çıxış edib.

Qazaxıstan dənizin bioloji ehtiyatlarının rasional istifadəsinə, saxlanmasına və təkrar istehsalına dair sənədin imzalanmasını təklif edir. Bundan əlavə, Astana sərhəd xidmətlərinin və daxili işlər orqanlarının xəttilə Xəzərdə təhlükəsizlik məsələlərinə dair əməkdaşlıq haqqında sazişə protokolların layihəsini tərəflərə təqdim edib.

Rusiya prezidentinin xüsusi nümayəndəsi Aleksandr Qolovin dövlət başçılarının Moskva sammiti üçün mətnin hazırlanması məqsədilə Xəzərin hüquqi statusu haqqında Konvensiya layihəsi üzərində işin başa çatdırılmasını sürətləndirməyə çağırıb. O həmçinin işçi qrupunun növbəti iclasının Moskvada keçirilməsini təklif edib.

Türkmənistan prezidenti yanında Xəzər məsələləri üzrə dövlət müəssisəsinin rəhbəri Murat Atacanov qeyd edib ki, işçi qrupunun işi tərəflərin mövqelərinin yaxınlaşmasına və bütün məsələlərin konsensus əsasında həllinə xidmət edir.

İran prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Məhəmməd Mehdi Axundzadə bildirib ki, iqtisadi əməkdaşlıq üzrə perspektiv regional layihələrin müzakirəsi Xəzərin hüquqi statusunun hazırlanması üzrə işlərin sürətləndirilməsini vacib edir. Onun sözlərinə görə, dövlət başçılarının qarşıya qoyduqları vəzifələr bu ilin sonunadək Xəzərin statusu haqqında Konvensiyanın başa çatdırılmasını tələb edir.

Sonra iclas mətbuatın iştirakı olmadan davam edib.

Mənbə

[edit | edit source]