Wn/az/Üç xarici jurnalist Azərbaycandan deportasiya edilib
19 aprel 2011, Çərşənbə axşamı
- 27 August 2023: Wn/az/“Laçın Şəhəri Günü” münasibətilə möhtəşəm atəşfəşanlıq olub
- 27 August 2023: Wn/az/Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edilib
- 4 July 2022: Wn/az/İlham Əliyev: "Sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın töhfə verə biləcəyi qənaətindəyik"
- 4 July 2022: Wn/az/Azərbaycan ÜST-dən meymunçiçəyi test dəstlərini təhvil alıb
- 2 March 2022: Wn/az/General-mayor Nizami Məmmədov həbs olundu
Müxalifətin dünənki aksiyası zamanı isveçli jurnalistlər May Roderstrit və Şarlota Uikstr və Çarli Latravot saxlanıb. Onlar İsveçin Birinci kanalını təmsil edir.
“Dünəndən Miqrasiya Xidmətindəyik və bizə heç bir açıqlama verilmir. Əvvəlcə bildirdilər ki, akkreditasiyamız yoxdur. Lakin məsələ bundadır ki, biz Azərbaycanın İsveçdəki səfirliyindən məhz jurnalist kimi viza almışıq. Azərbaycan hakimiyyəti bilirdi ki, biz bura film çəkməyə gəlirik. Bizim çəkmək hüququmuzun olmaması barədə ittihamlar əsassızdır. Çünki, biz heç nə, heç bir kadr belə çəkməmişik. Bizi həbs edəndə sadəcə dayanıb baxırdıq”,- deyə May Roderstrit telefonla Turan agentliyinə bildirib.
İsveç milli telekanalının əməkdaşları bazar günü saat 16 radələrində Sahil bağında saxlanaraq Miqrasiya Xidmətinə aparılıb.
Jurnalist May Roderstrit onları bu gün yerli vaxtla saat 18-də Miqrasiya Xidmətinin İstanbula yola salacağını bildirib və bundan sonra jurnalistlərin telefonları cavab verməyib.
Hüquqşünas Ələsgər Məmmədli Amerikanın Səsi radiosuna müsahibəsində xarici jurnalistlərin ölkədən çıxarılması ilə Azərbaycanın hökumət orqanlarının Konstitusiyanın 50-ci maddəsini, “Kütləvi İnformasiya Vasitələri haqqında” qanunun 50 və 51-ci maddələrini, eləcə də Avropa İnsan Hüquqları Konversiyasının 10-cu maddəsini pozduğunu bildirib. “İlk öncə jurnalistlər ölkədə film çəkmək məqsədi ilə viza alıblar. Digər tərəfdən isə, Azərbaycan qanunvericiliyi jurnalistlərin ölkədə işləməsi üçün hansısa strukturdan akkreditasiyadan keçmək hüququ müəyyən etmir. Akkreditasiya jurnalistlərin daha yaxşı işləmələri üçün üstün hüququn verilməsini təmin edir. Konstitusiyanın 50-ci maddəsinə görə isə, hər kəsin məlumat almaq azadlığı tanınır. Burada, söhbət yalnız vətəndaşlardan deyil, hər bir kəsdən, yəni hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq məlumat almaq hüququnun tanınmasından gedir. Azərbaycanın 2001-ci ildə qoşulduğu Avropa İnsan Haqları Konvensiyasında isə informasiya almaq hüququnun sərhəd tanımadığı qeyd edilir”.
Hüquqşünasın sözlərinə görə, isveçli jurnalistlər Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək hüququna malikdir. “Çünki həm Azərbaycan, həm də İsveç Avropa hüquq məkanına daxildir”.
Ekspert həmçinin xarici jurnalistlərin və kompaniyaların Azərbaycandan peyk vasitəsi ilə canlı yayım aparmasında da nizam-intizamın olmadığını bildirib. “Televiziya fəaliyyəti lisenziyalaşdırılmış fəaliyyətdir. Amma, burada da ayrı-seçkilik var. Belə ki, hökumətin, beynəlxalq təşkilatların tədbirləri, idman yarışları, konsertlərin canlı yayımlanması üçün icazə verilir. Amma, seçkilər zamanı xarici jurnalistlər Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçməlidir. Etiraz aksiyaları zamanı isə xarici kompaniyaların aparatları sərhəddən buraxılmır. Bu ikili münasibət aradan qaldırılmalıdır”, - deyə hüquqşünas bildirib.
Azərbaycanın Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutu (RATİ) xarici jurnalistlərin ölkədən çıxarılmasını pisləyən bəyanatla çıxış edib. “Bu hərəkətlər yerli qanunvericiliyə, ölkə konstitusiyasına və Azərbaycanın beynəlxalq təşkilatlar, xüsusilə Avropa Şurası qarşısında söz və ifadə azadlığı sahəsində üzərinə götürdüyü öhdəliklərə birmənalı ziddir. RATİ beynəlxalq ictimaiyyətə müraciət edərək, bu məsələ ilə bağlı mövqe bildirməyə və bu cür hadisənin təkrarlanmaması üçün səylər göstərməyə çağırır”, - deyə sənəddə qeyd edilir.
Azərbaycanda İsveçin də maraqlarını təmsil edən Norveç səfirliyi isveçli jurnalistlərin Bakıdan deportasiya olunmasının səbəblərini aydınlaşdırmaq üçün aprelin 19-da Azərbaycan hökumətinə rəsmi müraciət edəcək.
Norveç səfirliyinin əməkdaşı Lars Hansen Turan agentliyinə bildirib ki, Norveç səfirliyi Azərbaycanın rəsmi cavabını aldıqdan sonra hadisə ilə bağlı şərh verəcək. Dövlət Miqrasiya Xidməti jurnalistlərin “viza rejimini pozduqlarına görə” ölkədən deportasiya olunduqları bildirib