Wn/az/Vikipediya — 15 il
15 yanvar 2016, Cümə
İnternetdə uğurla reallaşdırılan və milli maraqlar baxımından mühüm əhəmiyyət kəsb edən “Vikipediya” virtual ensiklopediyası 2001-ci ilin 15 yanvar tarixində fəaliyyətə başlayıb və az müddət ərzində İnternetin ən populyar layihələrindən birinə çevrilib. “Vikipediya” bu gün dünyanın ən nəhəng ensiklopediyası, zəngin informasiya mənbəyidir.
“Vikipediya”nın təsisçiləri Ohayo Universitetinin fəlsəfə doktoru Larri Senger və amerikalı sahibkar Cimmi Uelsdir. Bu gün “Vikipediya” İnternet məkanında fəaliyyət göstərən yüz milyonlarla sayt sırasında istifadəçi və müraciətlərin sayına, informasiyanın həcminə görə ən yüksək reytinqə malikdir. Viki-mühitdə 40 milyondan artıq ensiklopedik məqalə və 30 milyona yaxın şəkil, video və audio-fayl saxlanılır. Hər ay 4 milyard İnternet istifadəçisi informasiya əldə etmk üçün bu ensiklopediyaya müraciət edir. Layihənin qeydiyyatdan keçmiş 300 milyon istifadəçisi vardır. Onlar könüllü olaraq təcrübə və biliklərini viki-mühitdə başqaları ilə bölüşürlər.
“Vikipediya”nın populyarlaşmasının əsas səbəbi onun dinamik və daim yenilənən olmasıdır. Bu gün xalq, dövlət, hər hansı hadisə, görkəmli şəxslər və s. haqqında ilkin informasiya “Vikipediya”dan əldə olunur. Bu virtual ensiklopediyaya müraciət edənlər yalnız ensiklopedik məlumat deyil, eyni zamanda, səhifələrə daxil edilmiş media-fayllar, animasiyalı sxemlər, üçölçülü obyektlər, interaktiv panoramlar əldə edir, bilik yaratmaqla məşğul olan sosial şəbəkənin aktoruna çevrilirlər.
Viki-mühit informasiya cəmiyyətinin formalaşmasında mühüm rol oynayır. Belə ki, informasiya cəmiyyətinin əsas fəlsəfəsi yaşından, dilindən, dinindən, sosial və siyasi mənsubiyyətindən, təhsilindən, ixtisasından asılı olmayaraq, bütün insanların informasiya, bilik tələbatını ödəməkdən və onlar arasında sosial kommunikasiya mühiti yaratmaqdan ibarətdir. “Vikipediya” bu tələbatın ödənilməsində və müvafiq mühitin yaradılmasında mühüm rol oynayır.
Qeyd etmək lazımdır ki, “Vikipediya”nın yaratdığı geniş imkanlar Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi tərəfindən də lazımınca qiymətləndirilir. AMEA-nın Rəyasət Heyətinin 2014-cü il 15 yanvar tarixli Qərarı ilə AMEA İnformasiya Texnologiyaları İnstitutunda Viki-Mərkəz yaradılıb.
Viki-Mərkəzin qarşısına AMEA-nın elmi müəssisə və təşkilatlarında fəaliyyət göstərən viki-qruplara cəlb edilmiş əməkdaşlara virtual ensiklopediyanın müxtəlif layihələri üzrə fəaliyyət göstərmələri üçün bir sıra vəzifələr qoyulub: zəruri biliklərin tədrisi və praktiki bacarıqların aşılanmasını nəzərdə tutan treninq kurslarının təşkili, vikimetrik araşdırmaların genişləndirilməsi, viki-mühitdə Azərbaycanla bağlı kontentlərin monitorinqi, dezinformasiya və informasiya qarşıdurmaları kimi faktların aşkarlanması. Viki-Mərkəz həm də Azərbaycan Respublikasının milli maraqlarının qorunması, ölkəmizə qarşı real və potensial təhlükə mənbələrinin vaxtında aşkar edilməsi, Azərbaycanın tarixi həqiqətlərini, müasir reallıqlarını, mədəni və mənəvi dəyərlərini əks etdirən kontentlərin viki-mühitdə yerləşdirilməsinin təşkilində iştirak edir.