Wn/az/Tramp Suriyada kimyəvi hücuma görə Putini, Rusiyanı və İranı günahlandırıb
ABŞ prezidenti Donald Tramp Suriyada azı 40 adamın ölümünə səbəb olan kimyəvi hücuma görə Rusiya prezidenti Vladimi Putini və İranı günahladıraraq, “bunun böyük bədəli” olacağını deyib. Tramp Rusiya liderini qeyri-adi bir şəkildə birbaşa ittiham edərək deyib ki, “prezident Putin, Rusiya və İran heyvan Əsədi dəstəklədiklərinə görə məsuliyyət daşıyır”. “Bunun böyük bədəli olacaq”, Tramp Twitter səhifəsindəki mesajında yazıb. ABŞ prezidenti Birləşmiş Ştatların buna hansı şəkildə cavab verəcəyi haqda bir söz deməyib. Lakin ABŞ-ın daxili təhlükəsizlik və əks-terror məsələləri üzrə müşaviri Tomas Bossert ABC tele kanalına müsahibəsində bildirib ki, “mən masa üzərində heç bir variantı istisna etməzdim”. Tramp Suriya paytaxtı yaxınlığındakı Duma şəhərində hücumun törədildiyi yerin Suriya ordusu tərəfindən tamamilə mühasirəyə alınaraq, xarici dünya üçün qapalı olduğunu bildirib. O, ərazinin insanlara yardım göstərilməsi və xəbərlərin təsdiq edilməsi üçün dərhal açılmasına çağırıb. Twitter səhifəsindəki mesajlarında Tramp həmçinin yazıb ki, onun sələfi prezident Obama Əsədi “dediyi kimi qırmızı xətti keçdiyinə görə məsul tutsa idi, Suriyada fəlakət çoxdan sona çatmış olardı. Heyvan Əsəd tarixə gedərdi!“ Trampın Putini qınaması qeyri-adi bir haldır. Hakimiyyətdə olduğu təxminən 15 ay ərzində ABŞ lideri Birləşmiş Ştatların kəşfiyyat icmasının Putinin ona qələbə çalmaqda kömək üçün 2016-cı il prezident seçkilərinə müdaxilə edilməsi haqda göstəriş verdiyinə dair çıxardığı nəticə ilə razılaşmayıb. ABŞ-ın xüsusi prokuroru Robert Müller Trampın kampaniyasının Rusiya ilə mümkün əlaqələrinin araşdırılması məqsədilə genişmiqyaslı təhqiqata rəhbərlik edir. Tramp Rusiya ilə hər hansı əlaqəsi olduğu fikrini dəfələrlə rədd edib. Kimyəvi hücumla bağlı məlumatlar Suriya hökuməti və Rusiya tərəfindən rədd edilib. Suriyada müxalif fəallar və xilasetmə işçiləri bildirib ki, Dəməşq yaxınlığında şərqi Quta bölgəsində üsyançıların nəzarətində olan Duma şəhərində şənbə günü törədilən kimyəvi hücum nəticəsində azı 40 nəfər ölüb. Birləşmiş Ştatlar bundan öncə Rusiyanı Suriya hökumətinə dəstəyə dərhal son qoymağa və kimyəvi hücumlardan gələcəkdə istifadə edilməsinə yol verməmək üçün beynəlxalq ictimaiyyətlə işləməyə çağırıb. ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert açıqladığı bəyanatda Birləşmiş Ştatların aprelin 7-i Suriyanın Duma şəhərində kimyəvi silahlardan yenidən istifadə edildiyinə dair verilmiş məlumatları yaxından izlədiyini bildirib. “Rusiya rejimə güclü dəstək verməklə son nəticədə çox sayda mülki vətəndaşı hədəf alan kimyəvi silahların tətbiq edilməsi ilə belə qəddar hücumlara görə məsuliyyət daşıyır”, Nauertin verdiyi bəyanatda deyilir.