Wn/az/Türkmənistanın paytaxtı Aşqabadda “Türk xalqlarının mədəni irsi” mövzusunda beynəlxalq festival və elmi konfrans keçirilib.

From Wikimedia Incubator
< Wn‎ | az
Wn > az > Türkmənistanın paytaxtı Aşqabadda “Türk xalqlarının mədəni irsi” mövzusunda beynəlxalq festival və elmi konfrans keçirilib.


4 may 2011, Çərşənbə

Türkmənistan dövləti və TÜRKSOY-un birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirlərin məqsədi türk dövlətlərinin zəngin mədəni irsinin təbliği, türkdilli xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin gücləndirilməsi, mədəniyyət və incəsənət ustaları arasında yaradıcı və mənəvi əlaqələrin genişləndirilməsidir.

Tədbirlərdə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edib. Heyətə nazirliyin əməkdaşları, direktor Kazım Qasımovun rəhbərliyi ilə R.Behbudov adına Dövlət Mahnı Teatrının kollektivi, dekorativ-tətbiqi sənət ustaları, ədəbiyyatşünas alim Ramiz Əsgər və başqaları daxil olub.

Tədbirə Türkmənistan, Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan, Başqırdıstan (Rusiya Federasiyası), Qaqauz Yeri muxtar vilayəti (Moldova), həmçinin Şimali Kiprdən iştirakçılar qatılıb. “Türk xalqlarının mədəni irsi” festivalında nümayəndə heyətləri müxtəlif nominasiyalarda (vokal, rəqs, dekorativ-tətbiqi incəsənət, teatr geyimləri, milli mətbəx, kino) çıxışlar, elmi konfransda isə türkdilli xalqlar arasındakı münasibətlərə və mədəni əlaqələrə dair çıxış və müzakirələr olub. Açılışdan öncə qonaqlar üçün Türkmənistanın Milli Sənət, Xalça muzeylərinə ekskursiya və digər mədəni proqramlar təşkil edilib.

Festivalın təntənəli açılış mərasimi isə Türkmənbaşı adına Milli Mədəniyyət Mərkəzinin Muğamlar Köşkündə baş tutub. Rəsmi açılış mərasimində çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov festival və elmi konfransın türk mədəniyyətlərinin təbliğinə xidmət etdiyini vurğulayıb. Qurumun son illər həyata keçirdiyi layihələrdən bəhs edən D.Kaseinov konkret olaraq Üzeyir Hacıbəylinin “Koroğlu” operasına TÜRKSOY təşəbbüsü ilə yeni quruluş verildiyini, operanın türkdilli ölkələrdə - Almatı, Bişkek, Ankara və Bakıda təqdimatlarının keçirilməsini mühüm hadisə kimi qeyd edib. TÜRKSOY-in baş katibi ümumtürk bayramı olan Novruzun ötən il Parisdə, bu il Nyu-Yorkda təntənəli şəkildə qeyd olunduğunu nəzərə çatdırıb, bu tədbirlərin qədim və zəngin türk mədəni irsinin təbliğinə xidmət etdiyini deyib.


Rəsmi açılış mərasimindən sonra türkdilli ölkələrin incəsənət ustalarının ortaq musiqi proqramı təqdim olunub. Hər ölkədən gələn nümayəndə heyəti 5-10 dəqiqəlik çıxışla milli rəqs və mahnılarını ifa edib. Azərbaycanı festivalda Rəşid Behbudov adına Mahnı Teatrının musiqi kollektivi (bədii rəhbər, Xalq artisti Kamil Vəzirov (qarmon), musiqiçilərdən Əməkdar artist Cəmaləddin Dadaşov (qoşa nağara), Qorxmaz Qurbanov (sintezator), Bəhruz Cavadov (nağara), Əbülfət Məmmədrəhimov (saz), müğənnilərdən əməkdar artistlər Gülyaz və Gülyanaq Məmmədova, Əbülfət Nəzərov, baletmeyster Zakir Ağayevin rəhbərliyi ilə rəqs qrupu təmsil edib. Həmin gün Aşqabaddakı “Vətən” kinoteatrında azərbaycanlı rejissor Samir Kərimoğlunun “Niyyət” bədii filmi də göstərilib.

Festival çərçivəsində Türkmənistanın Milli Sənət Muzeyində türkdilli ölkələrin tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi açılıb. Sərgidə Azərbaycandan dekorativ sənət ustaları Nailə Sultanova (keramika), Nahid Vahabov (ağaz üzərində oyma), Şəhla Əsgərova (toxuma) və Vahid Məmişovun (xalçaçılıq) əl işləri nümayiş olunub.

“Türk xalqlarının mədəni irsi” adlı elmi konfransda Azərbaycan tərəfdən Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin direktoru Vilayət İsmayılov və nazirliyin sektor müdiri Asif Usubəliyev məruzə ilə çıxış ediblər.

Mənbə[edit | edit source]