Wn/az/ABŞ səfirliyi Masallıda qadın sahibkarlar üçün iftar süfrəsi açıb

From Wikimedia Incubator
< Wn‎ | az
Wn > az > ABŞ səfirliyi Masallıda qadın sahibkarlar üçün iftar süfrəsi açıb


6 iyun 2018, Çərşənbə

ABŞ-ın müvəqqəti işlər vəkili Viliam Gill Masallıda yerli qadın sahibkarlar və digər icma üzvləri üçün iftar süfrəsi açıb. Masallı rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmər Cavadlı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və BMT-nin İnkişaf Proqramının (BMT İP) nümayəndələri iftar süfrəsində iştirak edib.Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Səfirliyin müvəqqəti işlər vəkili Gill qeyd edib ki, bu il müqəddəs Ramazan ayı ilk müsəlman parlament respublikası olan və qadınlara səs hüququ verərək gender bərabərliyini bərqərar edən ilk müsəlman dövləti Azərbaycan Demokratik Respublikasının (ADR) 100 illik yubileyi ilə eyni vaxta təsadüf edir.

O, ADR-in zəngin irsini və bu irsin qadınların nailiyyətləri və onların cəmiyyətdə mühüm rolları vasitəsilə yaşadığını qeyd edib.

Məlumatda deyilir ki, ABŞ səfirliyi iftarda iştirak edən qadınların çoxunun ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) və BMT İP-in dəstəyindən faydalanaraq kiçik müəssisələr yaratmasından, özləri, ailələri və cəmiyyətləri üçün yeni imkanlar yaratmasından məmnundur.

ABŞ-da Ramazan ayı Tunisin ABŞ-dakı səfiri Sidi Süleyman Mellimellinin şərəfinə Prezident Tomas Jeffersonun iftar naharından başlayaraq 200 ildən artıqdır qeyd olunur. Bu gün 3 milyondan çox amerikalı müsəlman Ramazanda bir araya gələrək sülh, xeyriyyə və bağışlama kimi ümumi dəyərlər üzərində düşünür.