Wn/az/Qubada üsyan oldu

From Wikimedia Incubator
< Wn‎ | az
Wn > az > Qubada üsyan oldu


2 mart 2012, Cümə

Amerikanın Səsinin Bakı müxbiri Tapdıq Fərhadoğlu Azərbaycanın Quba rayonunda baş verənlər haqda danışarkən demişdir ki, minlərlə insanın Rayon İcra Hakimiyyəti binasının qarşısına toplaşaraq, yerli icra hakimiyyətinin başçısı Rauf Həbibovun istefasını tələb etmişdir. O, etirazlara səbəbin bir neçə gün əvvəl iclas zamanı Rauf Həbibovun Quba sakinlərini təhqir etməsi olduğunu demişdir. Aksiya iştirakçılarının Rauf Həbibova "Ar olsun!" və "Rədd ol" şüarları səsləndirdikləri bildirilir[1]. Amerikanın Səsinin müxbiri etirazların sonradan iğtişaşlara çevrildiyini, rayon sakinlərinin İcra hakimiyyəti binasına hücum etdiklərini, binanın qapı-pəncərəsini sındırdıqlarını, bundan sonra isə icra hakimiyyətinin başçısı Rauf Həbibovun evinə hücum edərək, evi yandırdıqlarını bildirmişdir. Tapdıq Fərhadoğlu Quba şəhərinə daxili qoşunların əsgərlərinin və çevik polis alayının əməkdaşlarının yerləşdirildiyini də xəbər vermişdir[2]. Quba şəhərinə daxili qoşunların əsgərləri və çevik polis alayının əməkdaşlarının yerləşdirilmiş və polislə sakinlər arasında da qarşıdurmanın baş verdiyi haqda xəbər verilir. Polisin gözyaşardıcı qazdan istifadə etdiyi, hadisə zamanı yaralananların da olduğu deyilir.

Son məlumata görə, Quba İcra hakimiyyəıtinin başçısı Rauf Həbibov vəzifəsindən azad edilib.

Azərbaycan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi mətbuat xidmətləri Qubada baş verən hadisə ilə bağlı birgə məlumat yayıb.

Məlumatda deyilir ki, Quba rayon icra hakimiyyətinin başçısı Rauf Həbibovun ötən il noyabrın 22-də sosial məsələlərin müzakirəsinə həsr olunmuş müşavirədə səsləndirdiyi bəzi fikirləri qubalılara hörmətsizlik kimi qəbul edən 1000 nəfərə yaxın sakin 2012-ci il martın 1-də, saat 10:00 radələrində Quba rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında etiraz aksiyası keçirib.

Aksiya ilk dəqiqələrdən asayişin pozulmasına yönəlmədiyi və dövlətçiliyə dəstək xarakteri daşıdığı halda, sonradan tədbirə qatılmış ayrı-ayrı destruktiv elementlərin təhriki ilə dinc məcradan çıxaraq ictimai qaydanın kobud surətdə pozulması, şəxsi və dövlət əmlakının qəsdən məhv edilməsi, vətəndaşlar üzərində zor tətbiqi ilə müşayiət olunan hərəkətlərə keçib. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və silah qismində əşyaların istifadəsi ilə törədilmiş hərəkətlər nəticəsində İcra Hakimiyyətinin birinci və ikinci mərtəbələrinin şüşələri və orada olan avadanlıqlar sındırılıb, bir neçə yardımçı tikinti və icra başçısına məxsus fərdi yaşayış evi yandırılıb. Hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmayan ayrı-ayrı aksiya iştirakçıları xidməti vəzifəsini yerinə yetirən 3 polis əməkdaşına həyat və sağlamlıq üçün təhlükəli olan xəsarətlər yetirib. Hüquqazidd əməllərin miqyasının genişlənməməsi, rayon sakinlərinin konstitusion hüquqlarının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis və Daxili Qoşun qüvvələrinin gördüyü qanuni tədbirlərlə asayiş bərpa olunub, vəziyyət nəzarətə götürülüb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin rəhbərliyindən və digər məsul əməkdaşlardan ibarət olan heyət hadisə yerinə gəlib.

Fakt üzrə Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır[3].

İstinadlar[edit | edit source]

  1. Quba icra başçısı vəzifəsindən azad edildi
  2. Qubalılar bundan əvvəl də icra hakimiyyəti başçısının istefasını tələb etdiklərini deyirlər. voanews.com
  3. Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Quba hadisələri ilə bağlı məlumat yayıb